Avstraliya höküməti hələ də Cokoviçi deportasiya etmək istəyir

11 Yanvar, 17:34 Sosial mediada paylaşın:
Avstraliya Federal Məhkəməsi Novak Cokoviçin “Australian Open” turnirində iştirak etmək iddiasını təmin etsə də, vəziyyət heç də serbiyalı tennisçi üçün yaxşılığa doğru dəyişmir.
Məsələ ondadır ki, Avstraliya höküməti hələ də ATP liderinin peyvənd olunmaması ilə barışa bilmir. Cokoviçin xüsusi imtiyaz əldə etməsi ilə bağlı sənədini etibarsız sayan Avstraliya Sərhəd Xidmətindən sonra artıq işə bu ölkənin Miqrasiya Komitəsi qarışmağa hazırlaşır. Mətbuatın məlumatına görə, Avstraliya Federal Məhkəməsinin qərarı ilə razılaşmayan qurum Cokoviçi ölkədən deportasiya etmək istəyir. Novak isə təslim olmaq fikrində deyil. Doğrudur, hələ də serbiyalı tennisçi məsələ ilə bağlı konkret açıqlama verməyib. Amma onun atası və qardaşı müntəzəm olaraq mətbuat nümayəndələri ilə görüşür. Onlar Novakın təslim olmayacağını və Melburndakı “Böyük Dəbilqə” turnirində iştirak etmək üçün sona qədər mübarizə aparacağını söyləyib. Yeri gəlmişkən, ATP də məsələ ilə bağlı bəyanat yayıb. Amma qurum konkret hansı tərəfin haqlı olduğu haqda heç bir fikir səsləndirməyib. Kişi tennisçilərin İttifaqı tennisçiləri sadəcə olaraq Avstraliya qanunlara tabe olmağa və vaksinasiya prosesindən keçməyə səsləyib. Cokoviçə gəlincə, bir müddət əvvəl onun həbs olunması ilə bağlı xəbərlər yayılsa da, bu məlumat öz təsdiqini tapmayıb. Hazırda Cokoviçə Melburnda məşq etməyə icazə verilib.

CANLI YAYIM