"Qalatasaray"ın sabiq futbolçusu penaltini vura bilmədiyi üçün "Brügge"nin əsas heyətindən kənarlaşdırılıb

9 Noyabr, 14:09 Sosial mediada paylaşın:
Belçika "Brügge"sinin futbolçusu Mbaye Dianyo komandasının qarşıdakı matçlarından kənarlaşdırılıb. Baş məşqçi Filipp Klemanın qərarı əsasında seneqallı hücumçuya böyük məbləğdə cərimə də kəsilib.
 
Səbəb kimi 28 yalı forvardın Fransada PSJ ilə Çempionlar Liqasının qrup mərhələsinin IV tur matçının 76-cı dəqiqəsində penaltidən yararlanmaması göstərilib. Komandası 0:1 hesabı ilə geridə olduğu vaxt Dianyo penalti qazanıb. Zərbəni kapitan Hans Vanaken yerinə yetirmək istəsə də, Dianyo buna imkan verməyib. Onun zərbəsini isə rəqib qapıçı asanlıqla dəf edib.
 
Oyundan sonra iki oyunçu arasında münaqişə baş verib. Vanakenin atdığı su qabına afrikalı forvard cavab verməyib. Daha sonra kapitan klub rəhbərliyi qarşısında "Ya Dianyo gedəcək, ya da mən" tələbi qoyub. Baş məşqçi isə afrikalı oyunçunu Belçika çempionatında növbəti turun "Antverpen"lə matçına aparmamağı qərara alıb.
 
Qeyd edək ki, Mbaye Dianyo "Brügge"yə keçənədək Türkiyə "Qalatasaray"ında forma geyinib. Hazırda "sarı-qırmızılar" da Çempionlar Liqasında Belçika təmsilçisi və İspaniya "Real Madrid"i ilə eyni qrupda yer alıb. 

CANLI YAYIM