Elmar Babanlı: “Hazırkı reytinqə görə Azərbaycanın 8 cüdoçusu Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib”

16 Noyabr, 19:12 Sosial mediada paylaşın:
Mövcud reytinq sırlamasına əsasən, Azərbaycan millisinin 8 cüdoçusu Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edib.
 
Bu barədə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı məlumat verib.
 
Onun sözlərinə görə, 30 may 2020-ci ildə açıqlanacaq yekun olimpiya reytinqində ilk “18-lik”də yer alanlar Yaponiyanın paytaxtına yollanmaq hüququ əldə edəcəklər: “Hazırkı reytinq sıralamasına əsasən, kişilərdən Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq), qadınlardan isə İrina Kindzerska (+78 kq) “Tokio-2020”yə düşür. Həmçinin Kərəmat Hüseynov (60 kq), Murad Fətiyev (81 kq) və Leyla  Əliyevanın (48 kq) da şansı var. Hədəfimiz kişilərdən ibarət yığmanın olimpiadada bütün 7 çəki dərəcələrində, qadınların isə Kindzerskadan əlavə, daha 2 çəkidə təmsil olunmalarıdır. Bu baxımdan Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinxorlu Munxtsedevin (hər ikisi 57 kq) də şansları var”.
 
Babanlı bildirib ki, noyabrın 22-də Yaponiyanın Osaka şəhərində start götürəcək Böyük Dəbilqə turnirinə hazırlaşan Azərbaycan millisi noybarın 5-dən Tokioda təlim-məşq toplanışındadır: “Komandada əhval-ruhiyyə çox yaxşıdır. Hazırlıq üçün yüksək səviyyədə şərait yaradılıb. Bu yarışda Hidayət Heydərovun iştirak edib-etməyəcəyinə baş məşqçi qərar verəcək. Rüstəm Orucov isə həmin yarışdan azad edilib. Komanda dekabrın 8-də Yaponiyadan Çinə yola düşəcək və orada təlim-məşq toplanışı keçəcək. Noybarın 12-də isə Tsindao şəhərində “Masters” turniri start götürəcək”.
 
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunlarında ev sahibi Yaponiyanın hər çəkidə 1 cüdoçu ilə təmsil olunmaq hüququ var. Həmçinin 30 may 2020-ci ildə açıqlanacaq yekun olimpiya reytinqində ilk “18-lik”də yer alan idmançılar hər ölkədə 1 yer olmaqla “Tokio-2020”yə vəsiqə qazanacaqlar.
 
Olimpiadaya kontinental kvota da olacaq. Avropadan 13 kişi və 12 qadın, Afrikadan 12 kişi və 12 qadın, Pan Amerikadan 10 kişi və 11 qadın, Asiyadan 10 kişi və 10 qadın, Okeaniyadan 5 kişi və 5 qadın idmançı reytinqlə vəsiqə qazana bilməyibsə, sıralamada bu qitələrin ən yüksək pillədə olan idmançıları yarışa buraxılacaq. Həmçinin hər çəki üzrə bir Milli Olimpiya Komitəsinin idmançısı dəvətnamə (buna bəzən “wild card” da deyirlər) əsasında yarışa çağırılacaq. Bu daha çox cüdonun inkişaf etmədiyi ölkələrin nümayəndələrinə veriləcək.
 
“Tokio-2020”də cüdoda fərdi yarışlar 25 iyul - 31 iyulda keçiriləcək. Qarışıq komanda yarışları isə avqustun 1-də olacaq.

CANLI YAYIM