"Formula 1" sinfində avtoyarışlar üzrə dünya çempionatının rəhbərliyi sentyabrın ikinci yarısında Qətər və BƏƏ-də yarış həftəsonlarının keçirilməsi ilə bağlı qərar vermək niyyətindədir.
"Formula 1"in prezidenti və icraçı direktoru Stefano Domenikalinin sözlərini "Motorsport Nextgen Auto" nəşri sitat gətirib.
Xatırladaq ki, mart ayında çempionatın təşkilatçıları regiondakı vəziyyətlə əlaqədar Bəhreyn və Səudiyyə Ərəbistanında mərhələlərin keçirilməsindən imtina ediblər. Bu yarışlar aprel ayına planlaşdırılmışdı. Sonradan Bəhreyn Qran-prisinin Malayziyaya köçürüldüyü elan edilib.
"Biz bütün digər yarışlarla əlaqə saxlayırıq. Məsələn, dözümlülük yarışları üzrə dünya çempionatı (WEC) mövsümün yekun hissəsində Yaxın Şərqə yollanmamaq və Avropada qalmaq qərarına gəldi. Bizim yanaşmamız ondan ibarətdir ki, vəziyyətin inkişafını təhlil etmək və lazımi anda qərar qəbul etmək üçün özümüzə maksimum vaxt verək. Qərar təxminən sentyabrın ortalarından sonra açıqlanacaq", - Domenikali qeyd edib.
"Formula 1"in rəhbəri həmçinin Yaxın Şərq mərhələlərinin keçirilməsi qeyri-mümkün olacağı təqdirdə, ehtiyat planını da açıqlayıb:
"Əgər ilkin planın həyata keçirilməsi qeyri-mümkün olarsa, biz mövsümü Avropa traslarında başa vuracağıq, çünki digər regionlara yollana bilməyəcəyik. Beləliklə, final yarışı Avropada baş tutacaq. Biz bir neçə ssenari üzərində işləyirik, lakin hazırkı məqamda nə isə vəd etmək və ya proqnozlaşdırmaq tez olardı".
Qətər Qran-prisi 27-29 noyabr, Əbu-Dabi Qran-prisi isə 4-6 dekabr tarixlərinə planlaşdırılıb. Bu yarışlar çempionatın cari mövsümündə sonuncu olmalıdır.