Azərbaycanın boks üzrə böyüklərdən və 19 yaşadək (U-19) ibarət milli komandaları Çinin Sincan-Uyğur Muxtar Rayonunda beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar.

 

Boks Federasiyasından bildirilib ki, sentyabrın 15-də start götürəcək hazırlıq prosesində 26 ölkənin milli komandası iştirak edəcək.

Toplanış çərçivəsində məşqçilər Yadigar Məmmədov, Ceyhun Əbiyev və İlham Əlimzanov U-19 millisinin üzvləri Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Bağışov (60 kiloqram), Şahin Aslanov (65 kiloqram), Rza Rzayev (70 kiloqram), Adil Zalov (75 kiloqram), Renat Qiyaslı (80 kiloqram), Heydər Əzməmmədov (85 kiloqram), Zaur Səmədov (90 kiloqram) və Səftər Məmmədzadəni (+90 kiloqram) sınaqdan keçirəcəklər.

Böyüklərdən isə Nicat Hüseynov, Zəlimxan Süleymanov, Tural Sarıyev (hər üçü 55 kiloqram), Zaur Qəhrəmanov (65 kiloqram), Sərxan Əliyev (70 kiloqram), Rasim Çobanlı (80 kiloqram) və Səbuhi Əlizadə (+90 kiloqram) hazırlıq prosesində iştirak edəcəklər.

Boksçularımız Çində sentyabrın 24-də yekunlaşacaq hazırlığın ertəsi günü “Kəmər və Yol” beynəlxalq turnirində güclərini yoxlayacaqlar. Yarış sentyabrın 29-da başa çatacaq.

Qeyd edək ki, turnirdə Azərbaycanı hakim qismində Emil Qurbanəliyev təmsil edəcək.