Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.
Boks Federasiyasından (ABF) verilən məlumata görə, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günü rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü döyüşlərini qələbə ilə başa vurub.
Nəbi İsgəndərov (70 kiloqram) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçumuz yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.
Seyid Seyidov (85 kiloqram) da 1/16 final görüşünü öz xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.