Nigeriyada Azərbaycanın milli idman növü olan çövkən üzrə ölkə çempionatı keçirilib.

 

Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, üç gün davam edən yarışda ölkənin dörd aparıcı komandası – “NSK Farms”, YBL, “Western Ponies” və “60 Yards” çempionluq uğrunda mübarizə aparıb.

Çempionatın ilk iki günündə komandalar öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirərək final mərhələsinə vəsiqə qazanmağa çalışıblar.

Yarışın son günündə keçirilən oyunların nəticəsinə əsasən, “NSK Farms” komandası Nigeriya çempionu adını qazanıb. YBL ikinci, “Western Ponies” üçüncü, “60 Yards” isə dördüncü yeri tutub.

Çempionatın sonunda Beynəlxalq Çövkən Federasiyasının baş katibi Maçey Mixal Olbrix və icraçı direktoru Fərid Eyvazov qalib komandalara mükafatları təqdim ediblər.

Qeyd edək ki, Nigeriyada təşkil olunan çempionat çövkən idmanının ölkədə inkişafı, yerli komandaların təcrübə qazanması və ənənəvi atüstü idman növünə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə yarışlar, eyni zamanda, çövkənin beynəlxalq səviyyədə tanıdılmasına, yeni ölkələrdə yayılmasına və müxtəlif idman icmaları arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verir.