Futzal üzrə Avropa çempionatının ¼ finalında Rusiya millisi Gürcüstan yığması ilə qarşılaşıb. Qarşılaşmanın aşkar favoriti olan Rusiya futzalçıları ilk hissədə rəqibin müqavimətini qıra bilməyiblər. Fasilədən sonra Rusiya millisi hesabı açsa da, cəmi 1 dəqiqə sonra tarazlıq bərpa olunub. Amma Gürcüstan təmsilçilərinin bundan artığına gücü çatmayıb. Qalan vaxt ərzində isə Rusiya futzalçıları 2 qol vuraraq 3:1 hesablı qələbə qazanıblar. Rusiya millisi yarımfinalda Ukrayna komandası ilə üz-üzə gələcək.
Günün digər qarşılaşmasında İspaniya kollektivi Slovakiya seçməsi ilə qarşılaşıb. Gözlənildiyi kimi ispanlar görüşə daha yaxşı başlayıblar. Onlar ilk hissədə rəqib qapısından 3 cavabsız top keçiriblər. Fasilədən sonra da azarkeşlər 3 qol görüblər. Amma bu dəfə bunlardan biri slovakiyalıların aktivinə yazılıb. Beləliklə 5:1 hesablı qələbə qazanan İspaniya futzalçıları yarımfinala yüksəliblər. Finala gedən yolda İspaniya yığması Portuqaliya kollektivi ilə mübarizə aparacaq. Yarımfinal mərhələsinin oyunları fevralın 4-də keçiriləcək.