UEFA Çempionlar Liqasında 1/8 finalın daha bir qarşılaşması Lissabon şəhərində keçiriləcək. “Sportinq” “Joze Alvalade” stadionunda ötən mövsümün finalçısı “Mançester Siti” ilə üz-üzə gələcək. “Şəhərlilər”in heyətində itkilər diqqət çəkir. Belə ki, Kayl Uolkerin cəzalı, Qabriel Jezus, Cek Qriliş, Koul Palmer və Zakari Steffen isə zədəli olduğuna görə “Sportinq”lə görüşdə iştirak etməyəcək. Lissabon klubunun heyətində isə Pedru Qonsalveşin meydana çıxıb-çıxmayacağı hələlik məlum deyil.

“Sportinq”in baş məşqçisi Ruben Amorim “Mançester Siti” ilə oyun haqda ehtiyyatlı danışıb: “Rəqib yaxşı heyətə malikdir. Son oyunlarda, əsasən də “Norviç”lə görüşdə itkilərinin olduğu ilə bağlı xəbərim var. Lakin bu amilin Çempionlar Liqasına ciddi təsiri olacağını düşünmürəm. Ölkə çempionatlarında görməyə öyrəşdiyimiz mənzərə Avropa səhnəsində tamamilə başqadır. Oyuna yaxşı nizamlanmışıq. Futbolçuların üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə inanıram.”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola isə görüşə tam hazır olduqlarını bildirib:  “Çempionlar Liqasında uğur qazanmaq heç də asan məsələ deyil. Burada mərhələ adlayırsansa deməli güclüsən. Bizim rəqibimiz isə “Sportinq”dir. Onlarla görüşün maraqlı alınacağını düşünürəm. Həmkarım gənc olsa da, ideal komanda formalaşdırıb. Onu təbrik edirəm. Azarkeşlərimizi sevindirmək istəyirik. Cütün taleyini ikinci görüşə saxlamamağa çalışacayıq.”

Qeyd edək ki, “Sportinq” – “Mançester Siti” qarşılaşması bu gün gecə yarısı start götürəcək. Görüşü Srcan Yovanoviçin rəhbərlik etdiyi serbiyalı hakimlər briqadası idarə edəcək.