Türkiyə çempionatının 25-ci turunda “Beşiktaş” Adana səfərində yerli komandanın qonağı olub. İlk dəqiqələrdən üstünlüyə yiyələnən “Beşiktaş” yarım saatın tamamında hesabı açıb. Aleks Teyşeyra Kerem Kalafatın ötürməsini başla qapıdan keçirib. Qoldan sonra təşəbbüsü ələ alan meydan sahibləri İstanbul futbolçularını müdafiəyə çəkilməyə məcbur ediblər. 42-ci dəqiqədə “Adana Dəmirspor”un ulduz futbolçusu Mario Balotelli rəqib qapısına yol tapsa da, VAR-a baxan hakim zərbədən əvvəlki epizodda Matias Varqasın kobudluğuna görə qolu qeydə almayıb. Adana klubu ikinci hissəyə əlavə olunan 2-ci dəqiqədə məğlubiyyətdən xilas olub. Samet Akaydın yerli azarkeşləri coşdurub. 27 yaşlı müdafiəçi 4 dəqiqə sonra ikinci dəfə Ersin Destanoğlunun qoruduğu qapını silkələsə də hakim ofsayd qərarı verib və qol qeydə alınmayıb: “Adana Demirspor” – “Beşiktaş” 1:1.
Günün digər görüşü isə Hatay şəhərində keçirilib. Yeni Hatay Stadionunda təşkil olunan qarşılaşmada yerli komanda İzmir təmsilçisi “Göztəpə” ilə üz-üzə gəlib. İlk hissədə meydan sahibləri rəqib qapısına 2 dəfə yol tapıblar. Əvvəlcə Kamil Çörəkçinin ötürməsindən sonra Mame Baba Diuf topu başla qapıya vurub. Fasilə ərəfəsində isə Ayub El Kaabi uzaq məsafədən qüvvətli zərbə ilə hesabı 2:0-a çatdırıb. “Gözəpə” futbolçularının gücü isə buraxılan toplardan yalnız 1-nin əvəzini çıxmağa çatıb. Halil Akbuna mübarizəyə nöqtə qoyub: “Hatayspor” – “Göztəpə” 2:1. Beləliklə 25 turdan sonra turnir cədvəlinə 60 xalla əvvəlki kimi “Trabzsonpor” başçılıq edir. Liderdən 12 xal geri qalan “Konyaspor” ikincidir. İlk üçlüyü isə 41 xalla “Adana Dəmirspor” tamamlayır.