Qətərdə təşkil olunacaq Dünya çempionatına vəsiqə uğrunda növbəti görüşlər keçiriləcək.
Avropa zonasında Portuqaliya millisi Şimali Makedoniya seçməsi ilə üz-üzə gələcək. Artıq komandalar son hazırlıqları tamamlayıblar. Pireneylilərin heyətində Entoni Lopes və Ruben Neveş zədə səbəbindən matçda iştirak etməyəcəklər. Şimali Makedoniya yığması isə optimal heyətlə mübarizə aparacaq. Komandaların baş məşqçiləri oyundan əvvəlki mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıblar. Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş rəqibin mübarizə əzmini yüksək qiymətləndirib:“Şimali Makedoniya millisi son 4 oyunda uduzmayıb. Seçmə mərhələdə Almaniya yığmasını məğlub etmələri onların güclü heyətə malik olduqlarını göstərir. Makedoniyalılar heç bir rəqibdən çəkinmirlər. Bu, təqdirəlayiqdir. Görüşə yaxşı hazırlaşmışıq. Qətərdə olmaq istəyirik. İnanıram ki, oyunun sonunda sevinən tərəf biz olacağıq”.
Şimali Makedoniya millisinin uğurları üçün çalışan Blaqoya Milevski isə inamlı çıxışı ilə diqqət çəkib.
“Biz hazırkı Avropa çempionlarını mübarizədən kənarlaşdırdıq. Ancaq bununla kifayətlənməyi düşünmürük. Artıq Dünya çempionatının bir addımlığındayıq. Bu imkandan maksimum istifadə etməliyik. Portuqaliyalıların çox güclü heyəti var. Oyunçularıma güvənirəm. Tarixi nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik”.
Draqau stadionunda keçiriləcək Portuqaliya – Şimali Makedoniya matçı bu gün 22:45-də başlanacaq. Xatırladaq ki, pley-ofun digər oyunu - Polşa-İsveç görüşü də eyni saatda start götürəcək.